Qidalanma və fiziki aktivlik nəzərə alınmaqla qanda qlükoza səviyyəsinin məqsədli qiymətlərdə saxlanılması müalicənin əsasını təşkil edir. Həmçinin tütünçəkmədən və alkoqoldan sui-istifadədən imtina etmək vacibdir.
Səmərəli müalicə üçün dərman terapiyası rejiminə riayət etmək, həmçinin qanda qlükozanın miqdarını nəzarətdə saxlamaq lazımdır. Şəkərli diabet tip 2-nin müalicəsi istər həb şəklində preparatların, istərsə də insulinin köməyi ilə aparıla bilər.
Qlükoza səviyyəsini qiymətləndirməkdən başqa, arterial təzyiqi müntəzəm nəzarətdə saxlamaq tövsiyə olunur.
Ayaqlara düzgün qulluq etmək: gigiyenaya riayət etmək, rahat, ölçüsünə uyğun gələn ayaqqabı seçmək, ayaqları mütəxəssis yanında müntəzəm müayinə etdirmək vacibdir. Bu nahiyədə dəri zədələnmələri və xoralar əmələ gəldikdə dərhal peşəkar kömək üçün müraciət etmək lazımdır.