Prediabet – karbohidrat mübadiləsinin pozulmasıdır, bu zaman qanda şəkərin səviyyəsi artır. O normal göstəriciləri üstələyir, lakin hələ o qədər də yüksək deyil ki, şəkərli diabetin yaranması barədə danışılsın.
Sağlam insanlarda bir neçə hormon, ilk növbədə mədəaltı vəzin beta-hüceyrələrinin istehsal etdiyi insulin şəkərin miqdarını nəzarətdə saxlayır. Prediabet zamanı yetərsiz insulin istehsalı və/və ya ona həssaslığın azalmasına görə orqanizm hormona lazımi qaydada reaksiya vermir.
Qlükoza enerji mənbəyi olmaq üçün hüceyrələrə tam nüfuz edə bilmir və qan dövranında yığılır. Bu, qanda şəkərin göstəriciləri – qanda qlükozanın miqdarında və qlikolizə olunmuş hemoqlobin səviyyəsində dəyişikliyə səbəb olur. Onlar müəyyən olunmuş normalardan artıq olur, lakin diabetə uyğun qiymətlərə çatmır.